Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 № sərəncamı ilə təsdiq olunmuş narkotik vasitələrin, psixotrop maddələrin prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizəsinə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icrası istiqamətində Xocalı rayon Komissiyası tərəfindən əvvəlki illərdə olduğu kimi bu ildə müxtəlif səpgili tədbirlər həyata keçirilmişdir.
Belə ki, rayon Komissiyasının 2016-cı ilin Tədbirlər Planına uyğun olaraq, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun Narkotiklərlə mübarizə günü ilə bağlı “Narkomaniya-ağ ölüm” adlı elmi-praktik konfrans keçirilmişdir.
Xocalı rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında “Narkomaniya bəşəriyyətin bəlasıdır “devizi altında inşa yazı müsabiqəsi keçirilmişdir. Hər bir məktəb üzrə ən yaxşı inşa yazısı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim olunmuşdur. Bundan əlavə olaraq, rayon təhsil şöbəsinin əməkdaşları mütəmadi olaraq məktəblərdə olur və narkomaniyanın doğurduğu fəsadlar haqqında yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparırlar.
Həmçinin, Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən 13.05.2016-cı il tarixdən Xocalı rayon Meşəli kənd tam orta məktəbində yuxarı sinif şagirdləri və bir qrup qəsəbə sakinlərinin iştirakı ilə “Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilmişdir. Keçirilən tədbirdə respublikamızda və dünyada narkomaniyanın törətdiyi fəsadlar, hər il narkomanlığın statistikasının artmasının acı həqiqətləri haqqında geniş söhbətlər aparılmışdır. Narkodillerlərin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstələrin insanları, xüsusən də yüksək risk qrupuna daxil olan gəncləri bu zərərli vərdişlərə necə cəlb etdikləri barədə geniş məlumat verilmiş, cəmiyyətin hər bir üzvünün ağ ölümlə mübarizə aparması və milli genafondun qorunması sahəsində vətəndaşların üzərinə düşən məsuliyyət xüsusi vurğulanmışdır.
Rayon Gənclər və İdman idarəsi şagirdlərin narkomaniya ilə bağlı təfəkkürünün yoxlanılması məqsədilə IX-XI sinif şagirdləri arasında “Narkomaniyanın acı nəticələri” devizi altında rəsm müsabiqəsi keçirmişdir. Müsabiqənin nəticəsi olaraq I, II və III yerlərin qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılmışdır.
Xocalı rayon Mərkəzi Xəstəxanası və Xocalı rayon Məşğulluq Mərkəzi birgə narkomanlıq xəstəliyindən əziyyət çəkən insanların reabilitasiyası və bu insanların cəmiyyətə inteqrasiyası mövzusunda rayon sakinləri arasında maariflən-dirici xarakterli tədbirlər həyata keçirilmişdir.
Rayonun əsas informasiya vasitəsi olan “Xocalının səsi” qəzetində “Narkomaniyaya qarşı birgə mübarizə “mövzusunda il ərzində maraqlı məqalələr dərc edilmişdir. Yetkinlik yaşına çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın işçiləri tez-tez ümumtəhsil məktəblərində olmuş narkotik, siqaret, spirtli içkilər və digər bu kimi zərərli vərdişlərin aludəçisi olmuş insanların cəmiyyət, ailə və gələcək nəsillərin sağlam ruhda formalaşması üçün nə dərəcədə təhlükəli olması haqqında şagirdlərlə maarifləndirici söhbətlər aparılmışdır.
Xocalı RPŞ-nin əməkdaşları ümumtəhsil məktəblərində mütamadi maarifləndirici tədbirlər təşkil etmişdir. 28.06.2016-cı il tarixdə Xocalı RPŞ-nin əməliyyat-axtarış tədbirləri nəticəsində “xaş-xaş 2016” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, Goranboy rayon Todan kəndi ərazisində istifadə olunmayan 1,5 ha otlaq sahəsində 4 ton, 300 kq yabanı halda bitmiş, heç bir aqrotexniki qulluq göstərilməyən narkotik tərkibli çətənə kolları aşkarlanaraq, yandırılma üsulu ilə məhv edilib.
Məlumat üçün qeyd etməliyik ki, Xocalı rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə müəssisələri tərəfindən narkotik mənşəli dərmanlar alınmır və narkomaniya ilə bağlı xəstəliyə tutulan şəxslər qeydə alınmamış, eləcə də bu növ xəstəliklə əlaqədar rayon sakinlərindən heç kim xəstə-xanaya müraciət etməmişdir.
Lamiə QARAYEVA,
Xocalı rayon İH-nin başçısının müavini